AZ EN
Xoş gəlmisiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız

Elmi nəşrlərlə bağlı müasir çağırışlar və ekosistemin yaradılması məsələləri müzakirə edilib

3793 Mətni çap edin Mətni göndərin

19 aprel 2022-ci il tarixində ADA Universitetində “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2022-ci il üzrə Yol Xəritəsi”nin təqdimatına dair tədbir təşkil olunub. Məqsəd Yol Xəritəsində qeyd olunan tədbirlərin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi, qarşılıqlı müzakirəsi və ictimai məlumatlılığı təmin etməkdir.

Tədbirdə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanının Katibliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Təhsil Nazirliyinin, Milli Elmlər Akademiyasının, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının, Əqli Mülkiyyət Agentliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun, eyni zamanda müxtəlif universitetlərin, beynəlxalq bazalarda indekslənən Azərbaycan jurnallarının, özəl şirkətlərin nümayəndələri və müstəqil ekspertlər iştirak ediblər.

Tədbirdə vurğulanıb ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanının sədri tərəfindən cari ilin mart ayında təsdiq edilmiş Yol xəritəsi elmi nəşrlərlə bağlı mövcud resurs və müxtəlif sektorları əhatə edən təşəbbüs paketləri əsasında hazırlanıb.

Bildirilib ki, Yol Xəritəsinin icrası çərçivəsində elmi potensialın inkişafı üzrə prioritetlərin reallaşmasında dövlət qurumları ilə yanaşı, özəl sektor nümayəndələrinin, vətəndaş cəmiyyəti institutlarının, elm və təhsil müəssisələrinin aktiv və koordinasiyalı iştirakı ilə vahid sinerjinin yaradılması olduqca əhəmiyyətlidir.

Bu sahədə qəbul edilən dövlət proqramları və bu gün təqdimatı keçirilən Yol Xəritəsi çərçivəsində elmin inkişafının təşviqinin önəmi xüsusilə vurğulanıb. Təşviq mexanizmlərinin genişləndirilməsi, özəl sektor tərəfindən araşdırma və təkmilləşdirmələrə investisiya qoyuluşununun artırılması Azərbaycanın qlobal dəyər zəncirinə qoşulmasının sürətləndirilməsinə özünəməxsus təkan verəcəkdir.

Xatırladaq ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Texnologiya və innovasiyalar” İşçi qrupunun nəzdində fəaliyyət göstərən “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupuna rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi həyata keçirir.

  • 454

    Portalda olan xidmətlərin sayı