Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

“Rəqəmsal Hökumət” təşviqat proqramının üçüncü mərhələsi başa çatıb

5385
Mətni çap edin Mətni kopyala t1 t0 t2

28 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi, “ASAN Könüllülük” Məktəbinin birgə təşəbüsü və KOICA beynəlxalq əməkdaşlıq təşkilatının dəstəyi ilə reallaşdırılan "Rəqəmsal Hökumət” təşviqat proqramının 3-cü mərhələsinin bağlanış mərasimi keçirilib. Mərasimdə proqram çərçivəsində xüsusi fərqlənən könüllülərə Elektron Hökumətin İnkişafı Mərkəzi və KOICA beynəlxalq əməkdaşlıq təşkilatı tərəfindən təşəkkürnamələr təqdim olunub.

"Rəqəmsal Hökumət” təşviqat proqramı çərçivəsində fəaliyyət göstərən könüllülər iki ay ərzində Bakı şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərində vətəndaşlardan elektron sorğular götürüb və vətəndaşları elektron xidmətlər haqqında məlumatlandırıblar. “Təcili rəqəmsal yardım” devizi altında vətəndaşlara yaxınlaşan könüllülər elektron dövlət xidmətləri, elektron ödənişlər haqqında məlumat verib və xidmətlərdən istifadə ilə bağlı onlara dəstək olublar. Sorğular əsasında vətəndaşlar ölkəmizdə göstərilən elektron xidmətlərin keyfiyyətinə münasibət bildirib, elektron xidmətlərdən istifadə zamanı qarşılaşdıqları çətinlikləri qeyd ediblər.

Mərasimdə KOICA beynəlxalq əməkdaşlıq təşkilatının maliyyə dəstəyi ilə layihəyə təqdim olunmuş planşetlər vasitəsi ilə proqramın fəaliyyətinin daha effektiv həyata keçirildiyi və Dövlət Agentliyi ilə KOICA beynəlxalq əməkdaşlıq təşkilatı arasında uğurlu əməkdaşlıq xüsusi qeyd olunub.

Sonda xatirə şəkli çəkdirilib, könüllülərə gələcək fəaliyyətlərində uğurlar arzulanıb.