Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

"Elektron Ödənişlər" bölməsi vasitəsilə 250-yə yaxın təsnifat üzrə ödəniş aparmaq mümkündür

5374
Mətni çap edin Mətni kopyala t1 t0 t2

 

Bu gün bir çox üstünlükləri olan nəğdsiz ödənişlər məhz informasiya kommunikasiya texnologiyalarının (İKT) müasir inkişafı ilə birbaşa bağlıdır. Qeyd edək ki, "Azərbaycan Respublikasının inkişafı naminə informasiya kommunikasiya texnologiyaları üzrə Milli Strategiya"da müəyyənləşdirilən hədəflərdən biri də məhz nəğdsiz ödənişlər sisteminin inkişaf etdirilməsidir.

Bu istiqamətdə "Elektron Hökumət" portalının əsas uğurlarından biri cari ilin sentyabr ayında  "Hökumət Ödəniş" portalının inteqrasiyası ilə "Elektron Ödənişlər" bölməsinin yaradılmasıdır.

"Elektron Ödənişlər" bölməsi müxtəlif ödənişləri "Kommunal", "Rabitə", "İpoteka", "Büdcə" kimi qruplarda özündə birləşdirir. Vətəndaş istənilən qrup üzrə ödəniş etmək üçün xidmətin adını və ödəniş üçün tələb olunan informasiyaları daxil edərək yaratdığı xidməti yadda saxlaya və ödənişi reallaşdıra bilər. Sistem üzrə bütün sahələr üzrə ödənişlər ödəmə tarixçəsində saxlanılır və istənilən vaxt baxılması mümkündür. Həmçinin, "Onlayn ödənişlər" bölməsi vasitəsilə Kommunal, Rabitə, İpoteka, Büdcə bölmələri üzrə istənilən xidməti formalaşdırdıqdan sonra portalın mobil versiyası vasitəsilə vətəndaşlar  rabitə, kommunal və cərimə haqları üzrə bildirişləri əldə bilirlər.

Bildiyiniz kimi, nəğdsiz ödənişlərin inkişafı ölkənin iqtisadi inkişafının mühüm göstəricisidir. Bu vaxtadək nəğdsiz ödənişlər müxtəlif şirkətlər və müxtəlif saytlar vasitəsilə həyata keçirilirdi. Bu sahədə həm pərakəndəlik var idi, həm də həmin saytların tapılması, telefon nömrələrinin və ya ödəniş kodlarının (kommunal, cərimə protokolları və s.)  yadda saxlanılaraq kompüterə daxil edilməsi vətəndaşlar üçün əlavə problemlər yaradırdı.

Vətəndaşlar portalda əks olunan "Kommunal" bölməsi  vasitəsilə Azəriqaz, Azərsu, Azəristilik, Azərişıq (Bakı), Azərişıq (Regionlar) üzrə ödənişləri; "Rabitə" bölməsi vasitəsilə Azərcell, Nar Mobile, Bakcell, Stasionar Telefon Xidmətləri  üzrə ödənişləri; "İpoteka" bölməsi üzrə kreditin kodu daxil olunmaqla ödənişləri və "Büdcə" bölməsi vasitəsilə cərimə, dövlət rüsumu kimi ödənişləri portal üzərindən elektron şəkildə həyata keçirə bilirlər.

Qeyd edək ki, bu ödənişlərin aparılması zamanı hər dəfə telefon N-lərini, kommunal kodları daxil etmək lazım gəlmir. Vətəndaş portalda qeydiyyatdan keçdiyinə  görə bu məlumatlar sistem tərəfindən avtomatik təyin edilir.

Mərkəzi Bankla həyata keçirilən birgə səylər nəticəsində tezliklə portal üzərindən 2008-ci ildən sonrakı dövrdə aparılmış ödənişlərin arxivinə baxmaq və çıxarış əldə etmək də mümkün olacaq.

Bundan başqa Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestrinin  portala inteqrasiyasından sonra vətəndaş özünə aid kredit tarixçələrinə də baxa biləcək. Bu məsələlər öz həllini tapdıqdan sonra isə həm vətəndaşlar özlərinə lazım olan məlumatları asanlıqla əldə edə biləcəklər, həm də banklar vətəndaşın ödəniş qabiliyyətini “bir pəncərədən”  asanlıqla müəyyən edə biləcəklər.

Digər tərəfdən isə, vətəndaşlar, hüquqi və fiziki şəxslər artıq bir məkandan,  yəni "Elektron Hökumət" portalından öz ödənişlərini reallaşdırmaqla yanaşı portal üzərindən digər xidmətlərə də müraciət edə biləcəklər.