Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Azərbaycanın paytaxtı Bakı haqqında ümumi məlumat

Xəzər dənizinin qərb sahillərində, Abşeron yarımadasının cənubunda yerləşən tarixi bir şəhər. Bakıya küləklər şəhəri də deyirlər. Quru subtropik iqlimi var. Ümumi sahəsi 2130 km2-dir və 11 administrativ rayondan ibarətdir.

Qədim Bakı vaxtilə ticarət və neft  istehsalı mərkəzlərindən olub. Neft istehsalı  və  onun ətraf ərazilərə yayılmasının tarixi Babil İmperiyası dövrünə qədər gedib çıxır. Bakının ətraf ərazilərindən  çıxarılan xam neft  barədə  Sara Sirayt (Sarah Searight) "İngiltərə və Orta Şərq" kitabında yazır: "Babil divarlarında gil qarışıq bağlayıcı məhlul kimi istifadə edilirmiş. Yanacaq kimi tanınan bu məhlul Abşeron yarımadasından  İrana, İraqa və Hindistana  ixrac edilirdi." Eramızdan əvvəl 700-600-cü illərdə neft gündəlik həyatın hər bir sahəsində, o cümlədən tibbdə, evlərin isidilməsi və işıqlandırılmasında istifadə edilirdi.

Bakının neftlə zəngin ərazilərindən olan Suraxanıda 2.500 il əvvəl təbii qazın çıxdığı əbədi sönməz alovların yerində inşa edilmiş və atəşpərəstlərin sitayiş etdiyi məbəd Bakı nefti və qazının daha da məşhurlaşmasına səbəb olmuşdur. Bu ərazidə İslam dini yayıldıqdan sonra isə daim alovlanan həmin məşəl Hindistandan gələn zərdüştlərin baş çəkdiyi məbədə çevrildi. Aleksandr Düma 1859-cu ildə burada 3 atəşpərəstə rast gəldiyini yazırdı. Əsrlərlə alovlanan od məbədi "Atəşgah" bu gün çoxsaylı turistlərin gəldiyi muzey kimi fəaliyyət göstərir. Bu abidə Sanskrit dilindəki yazıları ilə nadir tapıntılardan sayılır. Bakıda qədim köklərə dayanan oda sitayiş adətləri elə şəhərin adının mənasının izahlarından birində də öz əksini tapıb. Sara Aşurbəylinin "Bakı şəhərinin tarixi" kitabında  Küləklər şəhəri Baadiye-Kubiden kimi tanınan Bakının adının mənası həm də Ateshi-Baqavan, yəni Odlar Yurdu kimi izah olunur. Maraqlıdır ki, od və külək günü bu gün də Bakını fərqləndirən əsas cəhətlərdəndir.

Şərqlə Qərb arasında bir körpü olan Bakıda əsrlər boyu müxtəlif mədəniyyət və sivilizasiyalar  qovuşmuşdur. Mərkəzi Asiya və Yaxın Şərqlə yanaşı digər ərazilərlə də karvan, eləcə də dəniz ticarət yolu ilə sıx iqtisadi-mədəni əlaqələr saxlayan Bakı neft və duz ixracatçısı kimi tanınmışdır. Bakı özünəməxsus inkişaf yolu keçərək mədəniyyət və ticarət  mərkəzinə çevrilmişdir.

Bakının tarixi Azərbaycan xalqının qiymətli sərvətlərindən olan neftlə sıx bağlıdır. Strateji əhəmiyyətli neft ilk dəfə Abşeron yarımadasında kəşf və hasil edilmişdir. Neftin sənaye məqsədilə istehsalı üçün ilk mexaniki qurğu 1847-ci ildə Bakıda qazılıb.

Dünyada ilk neft tankeri "Zoroaster" 1879-cu ildən Bakıda Nobel qardaşları tərəfindən istifadə olunmuşdur. Lakin 70 il sonra Sovetlər dövründə dünyanın ilk açıq dəniz platforması olan məşhur Neft Daşlarını yaratmaq məqsədilə həmin gəmi batırılmışdır. Əsası 1947-ci ildə qoyulan Neft Daşlarında Azərbaycan neftçiləri dənizin dibindən karbohidrogen əldə etməklə tarixdə yeni bir səhifə açdılar. Hazırda Neft Daşları yaşayış məntəqəsinə çevrilmişdir. 1999-cu ildə "Dünya kifayət etmir" ("World Is Not Enough") filminin bəzi hissələri məşhur Ceyms Bondun iştirakı ilə məhz burada - Bakının Neft Daşlarında çəkilmişdir.

Neftdən başqa Bakı həm də Azərbaycanın elm, təhsil, mədəniyyət və idman mərkəzidir.  Bura İslam şərqində ilk opera, balet və universitetin vətənidir. 1901-ci ildə müsəlman qızları üçün ilk məktəb də məhz Bakıda, neft maqnatı olan və qızların təhsilini çox vacib sayan Hacı Zeynalabdin Tağıyevin şəxsi vəsaiti hesabına  açılmışdır. O, savadlı qadını millətin aparıcı qüvvəsi kimi görürdü. Lümyer qardaşlarının ilk filmlərindən olan "Bakının neft quyuları: Yaxından Baxış" 1896-cı ildə  Kamil Şərf tərəfindən çəkilmişdir. 1900-cü illərdə Rusiya İmperiyasının  böyük limanlarından olan Bakı ilk sovet tramvaylarının (1924) və şəhərdaxili qatarların (1926) vətəni sayılır.

Şərq və Qərb memarlığının möhtəşəm harmoniyası, həmçinin ilk neft bumunda (1872-1920) inşa edilən binalar bu gün də Bakıda özünəməxsus ab-hava yaradır və şəhər arxitekturasına öz təsirini göstərir. Bakının ən qədim tarixinin izləri İçərişəhərdədir. Bakı minilliklər ərzində sıx və kompakt infrastrukturu ilə Qala divarları arasında yerləşmişdir. Burada hazırda 50-dən artıq tarixi və memarlıq abidəsi qorunub saxlanılır. Bunların arasında öz misilsiz forması ilə Bakının simvollarından sayılan  12-ci əsr abidəsi Qız Qalası, Şirvanşahlar Sarayı  (1420-1460) da var. 2000-ci ildə  İçərişəhər Qala divarları, Qız Qalası və Şirvanşahlar Sarayı UNESCO-nun  Dünyanın Mədəni İrsi Siyahısına daxil edilmişdir. Açıq səma altında yerləşən Qala Arxeoloji-Etnoqrafik Muzeyi Bakının qədim tarixini yaşadan  abidələrdəndir. Qala ərazisindəki  arxeoloji tapıntılar və memarlıq  abidələri  e.ə 3-cü əsrdən başlamış  eramızın 20-ci əsrinə qədərki  tarixi əhatə edir.

Müasir Bakının ruhu həqiqətən də cəlbedicidir. Qədim tarixlə zəngin Bakı bu gün də dinamik inkişaf edir. Müasir üslublu muzeylər, teatrlar, konsert zalları, Dənizkənarı Milli Park, eyni zamanda milli və xarici mətbəxi ilə seçilən kafelər, restoranlar fəaliyyət göstərir.

Hazırda Bakının sosial və ictimai həyatı da çox dinamikdir. Burada keçirilən mühüm konfranslar, festivallar, sərgilər, idman yarışları və digər beynəlxalq tədbirlər Bakının regionda əhəmiyyətini artırır. Şəhərin ən böyük sərvəti isə onun sakinləridir. Paytaxt sakinlərinin qonaqpərvərliyi və səmimiliyi hər bir insanda unudulmaz xoş təəssüratlar yaradır. Hələ 1882-ci ildə  ən iri yerli neft şirkətinin sahibləri olan Nobel qardaşları “Bakı  bütün dünyanı işıqlandıra və ona rəng qata bilər” deyirdi.