Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

E-imzanın alınması proseduru sadələşdirildi

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ülkədə «elektron imza» vəsiqəsinin alınması proseduralarını sadələşdirir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ülkədə «elektron imza» («e-imza») vəsiqəsinin alınması proseduralarını sadələşdirir. «Bundan sonra Azərbaycanda istənilən vətəndaş «e-imza» vəsiqəsini daha sadə əldə edə biləcək. Nazirlik mobil texnologiyalardan (Mobile Signature) istifadə etməklə elektron rəqəmli imza (ERİ) sertifikatlarının verilməsi ğzğn yeni platformanın hazırlanması ilə bağlı işləri başa zatdırmaq ğzrədir. Mobil proqram yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcək ki, bu da rəqəmli imzanın verilməsi prosedurunu sadələşdirəcək və «Elektron hökumət» (www.e-gov.az) portalının istifadəçi dairəsini genişləndirəcək.

Mobil telefonlarda ERİ-dən istifadə stolüstü və portativ kompüterlərdə rəqəmli imzanın tətbiqi metodundan fərqlənir. Mobil qurğularda ERİ-dən istifadə məsələsi yeni infrastruktura, avadanlığa və mobil sistemlərə keyfiyyətcə yeni yanaşma tələb edir. Hazırda ERİ-nin GSM şəbəkələrdə tətbiqi üçün xüsusi kriptoqrafik imkanlara malik SİM kartlardan istifadə məsələsinə baxılır. Bu məsələdə SİM kartlarda proqramın qurulmasının hansı struktur tərəfindən (sertifikatlı mərkəz, yoxsa operator) həyata keçiriləcəyi əsasdır.

Daha bir yenilik:
Bu yaxınlarda elektron imzanın verilmə prosedurunu sadələşdirmək üçün RİTN-nin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən elektron ərizə proqram məhsulu hazırlanmışdır. Bu proqram vasitəsilə istənilən vətəndaş internet üzərindən elektron ərizə formasındakı suallara cavab verməklə və onlayn qaydada ödəniş etməklə elektron imza kartı sifariş edə bilər. Sifariş Mərkəzə daxil olan kimi elektron imza sertifikatı hazırlanır və bu barədə vətəndaşa elektron poçt və telefon vasitəsilə məlumat verilir. Sertifikatının hazır olması barədə məlumat bildirişi almış şəxs MHM-də qeydiyyat mərkəzinə yaxınlaşıb şəxsiyyət vəsiqəsini təqdim edərək elektron imza sertifikatını ala bilər. Qeyd edək ki, verilən sertifikat 3 il ərzində qüvvədə olur. Bu müddət bitəndə isə yeni sertifikat verilir. Sertifikatın fəaliyyət müddəti onda mövcud olan informasiyadan xeyli asılıdır. Bu sənəd nə qədər çox informasiya ehtiva edirsə, onun faydalı fəaliyyət müddəti də bir o qədər az olur. Tətbiq edilən yenilik xidmətin keyfiyyətini yüksəltmək, operativliyi təmin etməklə yanaşı, elektron imza sertifikatlarının alınmasında yarana biləcək vaxt itkisinin qaşısını alır. Bu yenilik e-imza istifadəçilərinin sayının artmasına da şərait yaratmışdır. RİTN-dən verilən məlumata görə, elektron imza xidmətindən istifadə üçün müraciət edən 28 dövlət qurumuna 2771 ədəd, hüquqi və fiziki şəxslərə 2281 ədəd olmaqla cəmi 5052 ədəd elektron imza verilmişdir. Qeyd edək ki, elektron imza 3 illik müddət üçün əhaliyə 30 manata, dövlət qurumlarına 135 manata, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə isə 168 manata təqdim edilir.

Elektron imza itirildikdə.
Belə bir hadisə baş verdikdə mütləq «157» Zəng Mərkəzinə - telefon-məlumat xidmətinə zəng vurmaq lazımdır. Bu nömrə elektron imza çip kartının arxa tərəfində göstərilmişdir. Kartda olan sertifikatlar bloka salınacaq və onların qüvvəsi dayandırılacaq.

Elektron imza həm iqtisadi, həm də vaxt baxımından əhəmiyyətlidir.
Elektron imza müasir dövrün tələbləri ilə ayaqlaşmaq istəyənlər üçün effektiv vasitə hesab edilir. Elektron imza ilə imzalanmış sənədlər bir neçə saniyə ərzində lazım olan yerə çatdırıla bilər. Elektron sənəd mübadiləsinin bütün iştirakçıları bir-birindən uzaqda olmalarına baxmayaraq, eyni imkanlar əldə edirlər. Elektron imzalı sənədlər adi kağız sənədlər kimi hüquqi qüvvəyə malik olur. Lakin burada müəyyən şərtlər nəzərə alınır. Əgər elektron imzaya aid olan imza sertifikatı yoxlama zamanı və ya elektron sənədin imzalanması anında qüvvəsini itirməyibsə, eyni zamanda elektron sənəddə elektron imzanın həqiqiliyi təsdiq olunubsa və elektron imza sertifikatda göstərilən məlumatlara uyğun istifadə edilibsə, elektron sənəddəki imza kağız daşıyıcıdakı imzaya bərabər tutulur.

Elektron imzadan istifadə edərkən vətəndaşlar sənədlərin şifrələnməsi zamanı əlavə imkanlar əldə edirlər. Etibarlı kriptoqrafik alqoritmlər hesabına informasiyanın məxfiliyi və təhlükəsizliyi təmin edilir. Bu isə kənar şəxslərin ondan istifadəsinin qarşısını alır. Elektron imza dövlət strukturları ilə sürətli elektron sənəd mübadiləsinin aparılmasına imkan yaradır, həmçinin müəssisədə biznes proseslərinin təkmilləşdirilməsinə kömək edir. Müəssisədə elektron sənəd mübadiləsinin aparılması kağız mühasibat sənədlərinin həcmini əhəmiyyətli dərəcədə ixtisar edir, sazişlərin imzalanması, ödəmə sənədlərinin tərtibi ilə bağlı əməkdaşların vaxtını və müəssisənin xərclərini azaldır. Elektron imzadan istifadəyə müəyyən məhdudiyyətlər qoyulur. E-imza kartı konkret şəxsə aid olduğu üçün bu cür imzanı yalnız həmin adam qoya bilər. Kartın başqa şəxsə verilməsi və identifikasiya kodunun (PİN kodun) digər şəxsə bildirilməsi ciddi pozuntu halı hesab edilir. Tərəflərdən biri sənədi elektron şəkildə, digəri isə əl ilə imzaladıqda elektron sənədi nomenklaturada rəsmi olaraq qeydiyyata almaq, təsdiqləmək lazım gəlir. Yalnız bundan sonra həmin sənəd qüvvədə ola bilər.