You can return to the old version of the website

Open old version

10.04.2015

10 aprel tarixdə "Elektron Hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən "Elektron Hökumət" bülleteninin aprel sayının təqdimatı üzrə brifinq keçirildi. Tədbirdə media nümayəndələri və portalda aktiv fəaliyyətləri ilə seçilən bəzi dövlət qurumlarının nümayəndələri iştirak etdilər. Brifinqin keçirilməsində məqsəd təqdim olunan yeniliklər barədə informasiyanın kütləviləşməsi, həmçinin, görülən işlərin mətbuata birbaşa elan olunmasından ibarətdir.

Tədbiri MHM-nin direktoru Nail Mərdanov açıq elan etdi. O "Elektron Hökumət" quruculuğu sahəsində son yeniliklər və statistik rəqəmlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi.Nail müəllim bildirdi ki, artıq "Elektron Hökumət" portalına daxil olanların sayı 1,4 milyionu, elektron xidmətlərdən istifadə sayı isə 8,6 milyonu keçmişdir. Portal üzərindən təqdim olunan e-xidmətlərin sayı artıq 413-dür. Göründüyü kimi portal üzərindən təqdim olan e-xidmətlərin çeşidlərində və e-xidmətlərdən istifadədə dinamik artım var. Portal üzərindən daha çox praktik əhəmiyyətli sosial xidmətlərin təqdiminə üstünlük verilir. Məruzəçi qeyd etdi ki, e-arayışların istifadəçiləri durmadan artır, artıq banklar və kredit təşkilatları ilə yanaşı, lizing şirkətləri də e-arayışlardan istifadəyə start verib. Mart ayında lizing şirkətləri arasından Ansar Lizing şirkəti ilk olaraq portalla əməkdaşlığa başlamışdır.

Vurğulandı ki, Təhsil Nazirliyi bu ay iki yeni e-arayışını portal üzərindən istifadəyə verdi. Bunlar, "Ümumtəhsil məktəblərində çalışan pedaqoji və texniki heyətin iş yeri haqqında elektron arayış" və "Ümumtəhsil məktəbləri şagirdlərinin təhsil aldıqları yer haqqında elektron arayış" lardır. Daha bir e-arayış isə hazırda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən hazırlanmaqdadır və tezliklə portal üzərindən vətəndaşların istifadəsinə veriləcəkdir .

Məruzəçi qeyd etdi ki, yerli icra hakimiyyəti orqanları iə əməkdaşlıq edərək vəzifəli şəxslərin qəbuluna "Elektron hökumət” portalı vasitəsilə yazılmaq və prosesin onlayn izlənilməsinin təmin edilməsi üçün "Vətəndaşların onlayn qəbula yazılması" e-xidməti hazırlanmışdır. İlkin olaraq Biləsuvar İcra Hakimiyyəti üzrə bu xidmət mart ayından başlayaraq vətəndaşların istifadəsinə təqdim olunub. Tezliklə həmin e-xidmətin digər icra strukturlarına da tətbiqi planlaşdırılır. Bu e-xidmətdən istifadə etmək istəyən bütün qurumlara MHM lazımi dəstəyini təqdim edəcəkdir.

Sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin nümayəndəsi Məzahim Quliyev yaradılacaqData Mərkəz, onun sosial və iqtisadi mahiyyətindən bəhs etdi. O, dünya səviyyəsində tanınan III Tier səviyyəli regional Data Mərkəzin ölkə üçün iqtisadi əhəmiyyətindən  danışdı. Data Mərkəzin beynəlxalq səviyyədə əhəmiyyətini açıqlayan məruzəçi mərkəzin yerli və beynəlxalq biznes sektorların əməkdaşlığında yeni dövr açacağını bildirdi. Qeyd edildi ki, may-iyun aylarında test olunması nəzərdə tutulan Data Mərkəzin il ərzində istifadəyə veriləcəyi gözlənilir.

Daha sonra, Biləsuvar rayon İcra Hakimiyyətinin nümayəndəsi Selvin Şükürlü çıxış edərək, mart ayında vətəndaşların istifadəsinə verilmiş "Vətəndaşların onlayn qəbula yazılması" e-xidməti barədə məlumat verdi. Belə e-xidmətlərin hazırlanmasında MHM ilə əməkdaşlıqların hazırda davam etdiyini bildirdi və qurum tərəfindən tezliklə digər xidmətlərin də elektronlaşdırılması nəzərdə tutulduğunu vurğuladı.

Məlumat Hesablama Mərkəzinin baş mütəxəssisi Nadir Rəsulov çıxış edərək yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi ilə bağlı görülən işlər, yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqinin portalın inkişafına təkan verəcəyi və elektron xidmətlərdən istifadənin kütləviləşməsində mühüm rol oynayacağı barədə məlumat verdi.

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz öz çıxışında mətbuat nümayəndələrini ölkədə baş verən elektronlaşma prosesi ilə daha yaxından maraqlanmağa, nöqsanlar və çatışmazlıqlar üzrə araşdırmalar apararaq daha tələbkar olmağa səslədi.

Tədbir mətbuat nümayəndələrinin sualları üzrə müzakirələrlə yekunlaşdı.