You can return to the old version of the website

Open old version

Azərbaycanda turizm məkanları

İçərişəhər

Azərbaycan memarlığının nadir incisi olan İçərişəhər Bakının mərkəzində 22 hektarlıq ərazidə yerləşir. Qədim şəhərdə yüzlərlə tarixi abidə var. Bunlardan 4-ü dünya, 28-i yerli əhəmiyyətlidir. Şəhər içərisində unikal şəhər olan İçərişəhərdə 1300-dən çox ailə yaşayır, bir neçə muzey, 18 otel, 100-dən artıq ticarət və iaşə obyektləri fəaliyyət göstərir. Xəzər dənizinin sahilində orta yüksəklikli təpəliklərdə qərar tutan İçərişəhər qala divarları ilə əhatə olunur. İçərişəhər Qız Qalası və Şirvanşahlar sarayı ilə birlikdə 2000-ci ildən UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilib.


Qız Qalası

Xəzər dənizinin kənarında  nəhəng bir qayanın üzərində  silindirik fоrmada tikilmiş Qız Qalası Bakının rəmzinə çevrilib. Qalanın hündürlüyü şimal tərəfdən 31, cənub tərəfdən isə 28 metrdir.  Qalanın diamеtri birinci mərtəbədə 16,5 metrdir. Birinci mərtəbədə divarın qalınlığı 5 metrə çatır. E.ə. 8-7-ci əsrə aid bu abidənin daхili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yоnma daşlarla tikilib, günbəz fоrmalı tavanla örtülüb. Mərtəbədən mərtəbəyə Qalanın cənub-şərq divarının içərisində düzəldilmiş pilləkənlər  və ya ip vasitəsilə  qalxmaq olar.  Qala qapısı da kеçmişdə bir nеçə qatdan ibarət оlub. Bu tarixi memarlıq incisinin cənub-şərq divarının içərisində  gizlədilmiş su quyusu tədqiqatçıların diqqətini cəlb edib.  Diamеtri 0,7 m. оlan bu quyunun suyunun içməyə tam yararlı оlduğu müəyyənləşdirilmişdir.   Tədqiqatçılar Qız Qalası və Şirvanşahlar Sarayı arasında sirli  yeraltı yolun da elə bu su quyusunun aşağı hissəsindən başladığını  istisna  etmirlər.


Şirvanşahlar Saray Kompleksi

Ortа əsr mеmаrlığının şаh əsərlərindən biri оlаn Şirvаn hаkimlərinin iqаmətgаhı- "Şirvаnşаhlаr Sаrаy Ansаmblı" qədim şəhərin əsas görməli tarixi memarlıq 

məkanlarından biri kimi üstünlüyünü sахlаmаqdаdır.  XII əsrdə Şamaxıda baş verən zəlzələdən sonra pаytахtın Bаkıyа köçürülməsi nəticəsində şəhərin ən yüksək nöqtəsində Şirvаnşаhlаr Sаrаyı ucаldılmışdır. Sаrаy kompleksi hər biri öz memarlıq strukturu və xidmət funksiyasına görə seçilən 9 tikilidən: Sаrаy binаsı, Divаnхаnа, Dərviş türbəsi, Şərq dаrvаzаsı (pоrtаl), sаrаy məscidi, Kеy-Qubаd məscidi, sаrаy türbəsi, hаmаm və оvdаndаn ibаrətdir.  Mürəkkəb relyefli ərazidə inşa olunan saray vahid memarlıq planına malik deyil. Lаkin buna bахmаyаrаq binаlаrın biri digəri ilə təzаd təşkil еtmir. Kоmplеks binаlаrının biri digərindən 5,6 mеtr hündürlükdə yerləşən 3 həyətdən ibarətdir. Bu ərazidəki bütün tikililərdə  bədаmdаm adlı xüsusi dаşdаn istifadə оlunmuşdur. Saray kompleksində  Divаnхаnа ilə Şirvаnşаhlаr türbəsinin pоrtаlı xüsusi yer tutur. Divаnхаnа gözəlliyinə və incəliyinə görə nəinki Аzərbаycаnın, həm də Yахın Şərqin uyğun mеmаrlıq аbidələrinin şаh əsəri sаyılır. 1954-cü ildən “Şirvаnşаhlаr Sаrаyı Kоmplеksi” Dövlət Tаriхi Mеmаrlıq Qоruq Muzеyinə çеvrilmişdir.


Kiçik Karvansaray

Kiçik Karvansaray və ya "Хаn kаrvаnsаrаyı" ХV əsrin sоnu ХVI əsrin əvvəllərinə aiddir. Şəhərin ticаrət mаgistrаlında yerləşib. Kiçik Karvansaray ərazisində paytaxt sakinlərinin və qonaqların çox sevdiyi İncəsənət bağı açılıb. Bura gələn hər kəs Azərbaycan milli mətbəxinin dadlı yeməklərindən və incəsənət ustalarının əl işlərindən zövq almaq fürsəti qazanır. Qonaqlar bu sənət nümunələrinin necə ərsəyə gəldiyini mərhələ-mərhələ yaxından izləyə bilərlər.

 

Qala divarları

Qala divarları Şirvаnşаh III Mənuçöhrün (1120-1149) göstərişi ilə təqribən 1138-1139-cu illərdə inşа оlunmuşdur. Orta əsrlərdə uzunluğu 1500 m. olan İçərişəhər Qala divarından hazırda təqribən 600 metri salamat qalıb. Qаlа divаrı yоnulmuş əhəng dаşındаn tikilmişdir. Qаlınlığı 3-3,5, hündürlüyü isə 8-12 mеtr təşkil edir.


 

Dənizkənarı Milli Park

Paytaxt sakinlərinin, eləcə də qonaqların dincəlmək və əylənmək məqsədilə ən çox üz tutduğu əsas məkanlardandır. Ərazisinin böyüklüyünə görə Avropada ikinci yerdə olan Bakı Bulvarı 1998-ci il dekabrın 29-dan Milli Park statusuna malikdir. Hazırda 3 km 700 metr ərazisi olan Milli Parkda 60-70, 150-200 yaşlı  ağaclar, nadir bitki növləri gələnlərdə xoş ovqat yaradır. Burada müntəzəm olaraq fayton və dəniz gəzintiləri təşkil edilir. Milli Parkda müxtəlif karusel və attraksionlar fəaliyyət göstərir. Bulvar ərazisində "4D" formatında kino zalı da var.


Fəvvarələr meydanı

XIX və XX əsrlər Azərbaycan memarlıq incilərinin yerləşdiyi məkanlardan biri kimi diqqəti cəlb edən Fəvvarələr meydanı orijinalığı ilə diqqət cəlb edir.  Burada  müxtəlif modern fəvvarələr,  attraksionlar, eləcə də müxtəlif alış-veriş mərkəzləri var. 





 

"Atəşgah Məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu

Atəşgah Abşeron yarımadasında, Bakının 30 kilometrliyindəki Suraxanı qəsəbəsinin cənub-şərq hissəsində yerləşir. XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı əbədi alovların yerində inşa edilib. Odlar Yurdunun heç vaxt sönməyən bu əbədi məşəlində küləklə odun ecazkar rəqsinə tamaşa etməkdən zövq alacaqsınız. Unikallığına görə dünyanın möcüzəvi tarixi məkanlarından biri hesab edilən Atəşgah məbədi 2007-ci ildən Dövlət Tarix-Memarlıq Qoruğu elan olunub.



Yanar dağ

"Yanar dağ" Abşeron yarımadasının Məhəmmədi kəndində yerləşir. Təbii qazın çıxdığı əbədi alovlar məkanı olan "Yanar dağ"  2007-ci ildən Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna çevrilib. "Yanar dağ" "Pilpilə", "Bozdağ", "Qaynarca" və digər adlarla da tanınır.




 

Naxçıvan xan Sarayı

Naxçıvan xan Sarayı XVIII əsrə aid tarixi-memarlıq abidəsidir. Naxçıvan-Marağa memarlıq məktəbi üslubunda tikilmiş abidə XX əsrin əvvəllərinə qədər Naxçıvan xanlarının yaşayış evi olub. Sarayı XVIII əsrin sonunda axırıncı Naxçıvan xanı Ehsan xanın atası Kəlbəli xan Kəngərli tikdirmişdir. Xan Sarayı 1998-ci ilin aprelindən Naxçıvan Xalça Muzeyi kimi fəaliyyət göstərir.





Gəmiqaya rəsmləri

Gəmiqaya rəsmləri Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yerləşir. Gəmiqaya təsvirlərinin və oradakı qədim yurd yerlərinin azı 8–7 min il yaşı var. Tədqiqatlar nəticəsində orada yaşamış əhalinin həyat tərzini və mədəni inkişaf yollarını izləmək mümkündür. Gəmiqaya rəsmlərinin əksəriyyəti Tunc dövrünə aid edilir. Lakin burada daha qədim rəsmlərin olduğu da ehtimal olunur.


 

Möminə xatun Türbəsi

Məşhur Azərbaycan memarı Əcəmi Naxçıvaninin şah əsəri və Naxçıvan-Marağa memarlıq məktəbinin ən dəyərli abidələrindən biridir. Naxçıvan şəhərinin tarixi mərkəzində-Atabəylər Memarlıq Kompleksinin tərkibində yerləşir. Möminə xatun Türbəsi həmin kompleksdən dövrümüzə çatmış yeganə abidədir. Möminə xatun Türbəsini Əcəmi 1186-cı ildə Naxçıvanın qərb hissəsində ucaltmışdır. El yaddaşında "Atabəy günbəzi" adı ilə qalan bu türbə Atabəy Şəmsəddin Eldənizin arvadı, Məhəmməd Cahan Pəhləvanın anası Möminə xatunun şərəfinə tikilmişdir.


Yusif ibn Küseyir Türbəsi

Yusif ibn Küseyr türbəsi Naxçıvan şəhərində ən qədim memarlıq abidələrindən biridir. Xalq arasında "Atababa türbəsi" də adlanır. Türbənin üzərindəki kitabədə onun 1162-ci ildə memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən tikildiyi  yazılır. 






Şəki xan Sarayı

Bakıdan 305 km məsafədə yeləşən Şəki şəhəri təbiəti, tarixi memarlıq abidələri, eləcə də ləziz mətbəxi ilə qonaqlarda unudulmaz təəssüratlar yaradır.  XVIII əsrə aid Şəki xan Sarayı Məhəmmədhəsən xan tərəfindən inşa etdirilib. Binanın memarı Zeynal Abdulladır. Sarayın memarlıq ansamblı,  şəbəkələri göz oxşayır. Şəbəkələrin hər bir kvadrat metrində orta hesabla 5000, mürəkkəb yerlərdə isə  14000 ağac və şüşə şəbəkələrdən  istifadə edilib.  Şəkidə hələ də nəsildən-nəslə ötürülərək yaşadılan şəbəkə sənətinin əsas xüsusiyyəti burada özünü bütün mükəmməlliyi ilə büruzə verir. Belə ki, binada mismar və yapışqandan istifadə edilməyib, ağac və şüşə parçaları bir-birinə keçirilərək bərkidilib. Buradakı ornamentlər, müxtəlif naxışlar, oymalar, rənglərin ahəngi binanın gözəlliyinə xüsusi rəng qatır. Otaqların divarları ilə yanaşı tavanı da yaraşıqlı naxışlara qərq edilib.

 

Şəki Karvansarayı

XVIII əsrin daha bir dəyərli memarlıq nümunəsi Şəki Karvansarayıdır. Dərin zirzəmili ikimərtəbəli bina Şərq memarlıq üslubunun orijinal çalarları ilə zəngindir. Karvansarayın çarhovuzlu geniş həyətindən ikinci mərtəbəyə müxtəlif səmtlərdən daş pilləkənlərlə qalxmaq mümkündür. İlk baxışdan giriş-çıxışı mürəkkəb labirint kimi görünsə də, tikilidə hərəkəti rahatlaşdıran memarlıq vasitələri nəzərə çarpır. Bu məqsədlə quraşdırılan məhəccərli dəhlizlər binaya bədii görünüş baxımından da yaraşıq verir, görünüşdə ahəngdarlıq yaradır. Keçmişdə qonaqların və tacirlərin sığınacağına çevrilən bu məkan hazırda karvansaray-mehmanxana kompleksi kimi istifadə edilir. Burada qonaqların və turistlərin rahatlığı üçün bütün şərait nəzərə alınıb. Binanın strukturu və yerləşdiyi ərazi isti yay günlərində qonaqlara kondisionerə ehtiyac duymadan təmiz və sərin dağ havasından zövq almağa imkan verir.


"Gələrsən-görərsən" qalası

Şəkinin Kiş kəndinin şimal-şərqində, Kiş çayının qollarından birinin sol sahilində, Qaratəpə dağının üzərində yerləşən "Gələrsən-görərsən" qalası sıldırım yamaclara söykənir.  XV əsrə məxsus olan bu abidə coğrafi mövqeyinə görə tarixən müdafiə istehkamlarından biri hesab edilirdi. Onu vaxtilə "Qızlar qalası" da adlandırırdılar. Bir çox mənbələrə əsasən, qalanın sonrakı "Gələrsən görərsən" adı da məhz tarixi hadisələrdən biri zamanı meydana gəlib. Rəvayətə görə, 1743-cü ildə Nadir şahın Şəkiyə hücumu zamanı şəhər uzun müddət mühasirədə qalıb. Üz-üzə dayanan qoşunlar bir-biri ilə ünsiyyət qura bilirlərmiş. Bu söhbətlərin birində şah, "O necə qaladır ki, onu almaq olmur?" deyə soruşur. Ona verilən cavab isə bu olub:  "gələrsən-görərsən". Tarixin  dərin izlərini özündə yaşadan bu əzəmətli memarlıq nümunəsi turistlərin ən çox baş çəkdiyi məkanlardandır.


Xınalıq kəndi

Quba şəhərindən 57 km cənub-qərbdə, paytaxtdan 225 km aralıda yerləşən bu kənd etnoqrafik bənzərsizliyi ilə seçilir. O, Qafqaz dağlarının uca zirvəsində amfiteatrı xatırladır. Kəndin  Xınalıq adı da elə onun təbiətinin füsunkarlığından yaranıb. Bu ad Günəş çıxdıqdan sonra dağın boyandığı rəngi ifadə edir. Dəniz səviyyəsindən 2350 metr yüksəklikdə, 5000 illik tarixə malik Qızıl Qaya, Şah, Tufan və Xınalıq dağlarının əhatəsində qərarlaşan bu kənd dünyanın ən yüksək yaşayış məntəqələrindən biridir. Kənd sakinləri mürəkkəb morfoloji struktura malik Xınalıq dilində danışırlar. Dünyada bu dildə danışan ikinci bir tayfa və ya xalq yoxdur. 2007-ci ildən Xınalıq Dövlət Tarixi Memarlıq Etnoqrafiya Qoruğu elan edilib.


Lahıc

İsmayıllı rayonunun Lahıc qəsəbəsi Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Böyük Qafqaz sıra dağlarının cənub yamacında dəniz səviyyəsindən 1505 metr hündürlükdə yerləşir. Lahıc Girdiman çayının sahilində Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunur. İki dağın əhatəsində olması Lahıca təbii qala şəraiti bəxş edir. Belə bir coğrafi məkan qədim zamanlarda Lahıcın xarici təsirlərdən, basqınlardan yaxşı müdafiə olunması üçün imkan yaradıb.

1717-1718-ci illərdə usta Nəcəfqulunun düzəltdiyi samovar mütənasibliyi, formasının gözəlliyi, üzərindəki bəzəkləri ilə şöhrət qazanıb. XIX əsrin ortalarında Lahıcda 200-dək misgərlik emalatxanası fəaliyyət göstərib. Lahıc ustaları odlu (tüfəng, müxtəlif tipli tapançalar və sair) və soyuq (xəncər, beybut, qılınc, bıçaq və sair) silah hazırlamaları ilə də tanınırlar. Bu silahlar ornamentlərlə bəzədilir, onlara sənətkarların möhürü vurulurdu.
XVIII-XIX əsrlərdə Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olub. Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, məcməyi, sərpuc, güyüm, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və digər məmulatlar Orta Asiyada, Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə və digər yerlərdə tanınıb. 1980-ci ildən muzey-qoruğa çevrilmiş Lahıcda həmin illərdən yadigar qalan məhəllə məscidləri, su kəməri və kanalizasiya (kürəbənd), Girdiman qalası qorunur, sənətkarlıq ənənələri davam və inkişaf etdirilir. Burada yaşayıb-yaratmış misgərlərin, zərgərlərin, sərracların, ahəngərlərin, dülgərlərin, xalçaçıların, nəqqaşların, çəkmə və çarıq tikənlərin, eləcə də digər ustaların yaratdıqları maddi-mədəniyyət nümunələri hazırda dünyada tanınır.


Gəncə

Paytaxtdan 375 km məsafədə yerləşən Gəncə şəhərinə avtonəqliyyat və ya  təyyarə ilə səfər etmək mümkündür.  Azərbaycan rəssamlarının ilham mənbəyinə çevrilən, gözəlliyi ilə dillərdə əzbər olmuş Göygöl elə bu ərazidədir. 1139-cu ildə Gəncədə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib. Nəticədə isə füsunkar gözəlliyi, xüsusilə də suyunun şəffaflığı ilə seçilən məşhur Göygöl yaranıb. Nadir təbiəti, dünyanın heç bir yeri ilə müqayisə edilməyən fauna və florası ilə seçilən Göygöl hazırda həm də qoruq kimi fəaliyyət göstərir. Göldə qorunmaqda olan forel balıqları yaşayır. O, Azərbaycanın digər çay forellərindən xeyli fərqlənir. Azərbaycan ədəbiyyatının görkəmli simaları  dahi Nizami Gəncəvinin, şairə Məshəti Gəncəvinin, Mirzə Şəfi Vazehin doğulduğu Gəncə şəhərində onlarınn məqbərələri ucalır. XVI əsrə aid qala divarlarının qalıqları, şəhər hamamları, Cavad xanın məzarı keçmişdən dəyərli xatirə kimi saxlanılır.  Gəncədən 45 km aralıqda yerləşən Maralgöl də qonaqların sevimli istirahət yeridir.


Qəbələ

Bakıdan 225 km məsafədə yerləşən  qədim Qəbələ şəhəri 600 il ərzində Qafqaz Albaniyası dövlətinin paytaxtı olub. Dəniz səviyyəsindən 1000 m yüksəklikdə yerləşən şabalıd meşəsi bu rayonun sərvətidir. Burada dövlət tərəfindən mühafizə olunan ağacların yaşı 500 ildən çoxdur. Mineral su bulaqları və təmiz sulu çeşmələri ilə isti yay günlərində ürəklərə sərinlik gətirən Qəbələ şəhəri klassik musiqisevərlərin də görüş yeridir.  Hər ilin yay mövsümündə Qəbələdə beynəlxalq əhəmiyyətli klassik musiqi festivalı keçirilir. Dünyanın müxtəlif qitələrindən musiqi xadimləri sənət uğurlarını məhz bu füsunkar məkanda açıq səma altında paylaşırlar. Qəbələdəki qədim qalalar, məqbərələr, IX-XI əsrlərə aid qədim qüllə, Tarix-diyarşünaslıq Muzeyi tarixi öyrənmək istəyənlərin baş çəkməli olduğu yerlərdəndir. Qəbələ rayonunun Nic kəndində xeyli abidə aşkarlanıb. Kənddə olan Alban kilsəsi, “Daş bulaq” adlı tarixi çeşmə bu abidələr sırasındadır. Eləcə də orjinal üslubda tikilən bir sıra yaşayış evləri Nicə gələn turistlərin diqqətini cəlb edir.


Qusar

Azərbaycanın ən uca nöqtəsi 4466 metr yüksəklikdə Bazardüzü dağı burada yerləşir. Dağlar və vadilər diyarı kimi səciyyələndirilən Qusar rayonunun florası və faunası da özünəməxsusluğu ilə seçilir. 20 faizi meşələrlə örtülü olan rayonun Fıstıq meşəsi isə xüsusi mühafizə edilir. Şahnabaz və Laza şəlaləri qeyri-adi mənzərəsi ilə insanları heyrətə gətirir. Rayonda tarixi abidələr, Şeyx Cüneyd məqbərəsi, qədim məscidlər  qorunub saxlanılmışdır. Qusar şəhərindən 30 kilometr şimalda gündəlik 5000 turistin qəbuluna imkan yaradacaq Şahdağ Qış-Yay Turizm Kompleksinin tikintisi davam etdirilir. 2045 hektardan artıq ərazini əhatə edən kompleksdə insanların  xizək və digər qış idman növləri ilə məşğul olmaq,  asudə vaxtını xoş və mənalı keçirmək üçün əyləncə - oyun zonaları, istirahət qurşaqları, idman meydançaları qurulacaq.


Naftalan

Kiçik Qafqaz sıra dağlarının ətəklərində məskən tutmuş Naftalan kurortu təbiətin insana olan sevgisinin ən bariz nümunəsidir. Naftalan nefti  orta əsrlərdən bir çox xəstəliklərin müalicəsində təsirli dərman kimi tətbiq olunub. Bakı şəhərindən 320 km uzaqlıqda olan kurortun yayı quru-isti, qışı mülayim isti keçir. Kurort ilboyu xidmət göstərir. "1001 dərdin dərmanı" olan Naftalan nefti əsəb, ginekoloji, uroloji və dəri xəstəliklərinin, eləcə də qaraciyər xəstəliklərinin, oynaqların müalicəsində təsirli vasitə kimi bütün dünyada məşhurdur.