You can return to the old version of the website

Open old version

27.06.2015

25 iyun tarixində Elektron Hökumət Portalının operatoru Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin təşklatçılığı ilə “Elektron hökumət portalı: vətəndaş dövlət münasibətlərində yeni ünsiyyət platforması”  mövzusunda seminar keçirilib. Seminar Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində gənclər arasında idarəçilikdə şəffaflığın və hesabatlılığın artırılması istiqamətində həyata keçirilən maarifləndirici silsilə tədbirlərin davamıdır.

Seminarın məqsədi gənclərin elektron hökumət və elektron xidmətlər, dövlət reyestrləri, açıq hökumət və elektron hökumətin inkişaf perspektivləri və bu istiqamətdə gənclərin rolu ilə bağlı bilik və bacarıqların artırılmasıdır.

Seminarda  Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov giriş sözü ilə çıxış edərək, “Elektron hökumət” layihəsi, elektron xidmətlər, e-imza, bu layihələrin əhəmiyyəti və gənclərin bu sahənin inkişafında rolu haqqında çıxış etdi və gəncləri bu isitiqamətdə daha fəal olmağa dəvət etdi.

Sonra  ekspert qismində çıxış edən Məlumat Hesablama Mərkəzinin şöbə müdiri, İlqar Abdullayev elektron hökumətin formalaşdırılması, inkişaf mərhələləri və infrastrukturu haqqında ətraflı məlumat verdi. İ. Abdullayev eyni zamanda dövlət reyestri, açıq hökumət və elektron hökumətin inkişaf perspektivləri və bu istiqamətdə gənclərin rolu haqqında danışdı.

Fasilədən sonra Məlumat Hesablama Mərkəzinin şöbə müdiri Cəmşid Naxçıvanski elektron hökumət sisteminə qoşulmanın texniki-funksional sxemi, elektron xidmətlərin portala inteqrasiya olunması və “Elektron hökumət”in informasiya və şəbəkə təhlükəsizliyi sistemi haqqında məlumat verdi.

Növbəti fasilədən sonra mərkəzin mütəxəssisi, Günay Hüseynova vətəndaşlar tərəfindən daha çox istifadə olunan elektron xidmətlər, elektron arayışlar barədə və bu arayışları tətbiq edən banklar barədə məlumat verdi və bir çox elektron xidmətləri test edərək əyani şəkildə nümayiş etdirdi.

Növbəti sessiyada isə, Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzinin müdiri Arif Mayılov elektron imza infrastrukturu, ondan istifadə qaydaları, tətbiq sahələri, yeni nəsil şəxsiyyət vəsiqələrinin mahiyyəti və e-imzanın kütləviləşməsində yeni nəsil şəxsiyyət vəsiqələrinin rolu haqqında məlumat verdi.Seminarın növbəti hissəsi isə daha çox interaktiv şəkildə keçdi və ekspertlər “Elektron hökumət”,  elektron xidmətlər, elektron imza  ilə bağlı gəncləri maraqlandıran sualları cavablandırdılar.

Tədbirin sonunda bütün iştirakşılara “Elektron hökumət” portalından istifadə etmək üçün kod/parollar paylanıldı və elektron imza sertifikatları hədiyyə edildi.