You can return to the old version of the website

Open old version

29.04.2015

Bu gün "Elektron Hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən Respublikada fəaliyyət göstərən banklar üçün  "Elekron hökumət portalı, elektron xidmətlər, elektron həllər və banklar ilə mümkün əməkdaşlıq" mövzusunda seminar təşkil edildi. Seminarda “Caspian Development Bank (CDB)” ASC, NBC Bank, Dəmir Bank, Bank Avrasiya ASC, Euro Bank ASC, Naxçıvan Bank ASC, Yapı Kredi Bank, Zamin Bank və s. bankların nümayəndələri iştirak etdilər.

Seminarın təşkil edilməsində məqsəd portal üzərindən təqdim olunan elektron arayışların vətəndaşlar və biznes qurumlar üçün üstünlükləri, bu sistemə  qoşulmuş qurumların təcrübələri, statistik məlumatlar, elektron arayışların tətbiq sahələri, müqavilə şərtləri ilə tanışlıq, sistemə qoşulmaq üçün prosedurlar, texniki şərtlər və  təhlükəsizlik məsələləri barədə ətraflı informasiya verməklə bu sahədə maarifləndirmə işləri aparmaq və  elektron arayışlarla kredit verən bankların, kredit təşkilatlarının və digər qurumların siyahısını genişləndirməkdir.

        Seminarda MHM-in şöbə müdiri İlqar Abdullayev açıq  Elekron hökumət portalı, elektron xidmətlər, elektron arayışların vətəndaşlar və biznes qurumları üçün üstünlükləri, xidmətin əyani nümayişi, bu sistemə  qoşulmuş qurumlar və istifadə sayı barədə ətraflı məlumat verdi. Proqramlaşdırma şöbəsinin müdiri Cəmşid Naxçıvanski sistemə qoşulmaq üçün texniki şərtlər və təhlükəsizlik məsələləri barədə ətraflı informasiya verdi. Bankların "Elektron Hökumət" portalına qoşulması üçün tələb olunan zəruri texniki detallar barədə danışıldı, həmçinin, portal üzərindən elektron arayışlardan istifadə üsulları və texniki əsası izah edildi. Daha sonra, Marketinq şöbəsinin sektor müdiri Seymur Məmmədov sistemə qoşulmaq üçün prosedurlar, müqavilə şərtləri barədə informasiya verərək elektron arayışlardan hazırda faydalanan bankların əldə etdiyi müsbət nəticələrdən, elektron arayışların sosial mahiyyətindən danışdı.

Tədbir çərçivəsində MHM-in mütəxəssisləri tərəfindən bank əməliyyatçılarının elektron arayışlarla iş prosesi əyani olaraq nümayiş etdirildi.

Seminar iştirakçıların sualları əsasında müzakirələrlə davam etdi. Sonda, tədbirin iştirakçılarına e-imza kartları hədiyyə edildi.