AZ EN
Xoş gəldiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız
Xidmətlərə müraciət sayı
Günlük zəng sayı

Müəssisədə fərdi məlumatların qeyri-adekvat qorunması müəssisənin nüfuzuna xələl gətirə bilər

3210 Mətni çap edin Mətni göndərin

Bildiyiniz kimi Elektron Hökumət” portalında “Rəqəmsal cəmiyyət” adlı rubrika fəaliyyət göstərir. Bu rubrikanın qonağı olan hər kəs “Elektron Hökumət” quruculuğu istiqamətində gördüyü işlər barədə məlumat verir, öz düşüncə və təkliflərini paylaşır.

Arif Mayılov: Müəssisədə fərdi məlumatların qeyri-adekvat qorunması müəssisənin nüfuzuna xələl gətirə bilər.

Elektron Hökumət portalının “Rəqəmsal cəmiyyət” rubrikasının bu dəfəki qonağı RYTN MHM-Milli Sertifikat Xidmətləri Mərkəzinin müdiri Arif Mailovdur. Arif Mailov BDU-nun fizika fakultəsini 1978-ci ildə bitirərək Elmlər Akademiyasının Fizika İnstitutuna işə qəbul edilib və həmin ilidə Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna (BNTİ) elmi araşdırmaları aparmaq məqsədi ilə ezamiyyə olunub. 1986-ci ildə SSRİ Ali Attestasiya Komissiyası (AAK) Arif  Mailova fizika-riyaziyyət  elmləri namizədi alimlik dərəcəsi verib. 1987- 1992-ci illərdə Fizika İnstitutunda baş elmi işçi vəzifəsində işləyərək mikrostrip detektorların istehsalı üçün Si və GaAs yarımkeçiricilərin üzərində elmi tətqiqatlar aparıb. 1993-cü ildə Türkiyənin Boğazıçı universitetində baş müəllim vəzifəsinə təyin olunandan sonra elmi araşdırmalarını Avropanın Nüvə Araşdırmaları Mərkəzinə - CERN-ə (“Conseil Européen pour la Recherche Nucléaire”) ezamiyyətə göndərilib. Arif Mailov CERN-də işləyən ilk azərbaycanlı eksperimentator olmuşdur və öz fəaliyyətini CHORUS və ATLAS eksperimentlərndə davam edibdir.  2000-2007-ci illərdə Almaniyanın Siegen universitetində elmi işçi vəzifəsində işləyərək CERN-in ALEPH eksperimentində və iştirak etdiyi beynəlxalq elmi konfranslarda bu ölkəni təmsil edib. 2011-ci ildə Bakıya döndükdən sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin Sertifikat Xidmətləri Mərkəzinin müdiri təyin olunub. 2012-ci ildə "Rabitə ustası” fəxri adına layiq görülüb. 

Avropanın Nüvə Araşdırmaları  (CERN) mərkəzində CHORUS eksperimentinin iştirakçıları (1993-cü il)  

ALEPH eksperimentinin elektronika otağında (2000-ci il)

Boğazıçı universitetinin Fizika bölümünün tələbələri ilə bilikdə (1997-ci il)

 

* Arif müəllim  Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinə elektron imza sertifikatlarının daxil edilməsində MHM-in rolu nədən ibarətdir? 

Azərbaycan Respublikası Prezidentinin yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı 28 noyabr 2014-cü il tarixli sərəncamına əsasən elektron imza sertifikatlarının şəxsiyyət vəsiqələrin çipinə daxil edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni sertifikat xidmətləri mərkəzinin qurulması tapşırılmışdır. Nazirlikdə bu işlərlə “Elektron Hökumət” Portalının Operatoru MHM məşğuldur. RYTN-in Milli Sertifikat Xidmətləri Mərkəzinin (MSXM) mütəxəssisləri layihə çərçivəsində bir sıra xarici və yerli şirkətlərlə müzakirələr aparmışdır.

MHM-in mütəxəssisləri layihəni icra edən İsveçrənin Trüb şirkətinin və layihə inteqratoru İDRAK şirkətinin mütəxəssisləri ilə birlikdə keçirilən işçi grupunun toplantılarında çoxsayılı müzakirələr apararaq səmərəli təkliflər vermişdir. Burada elektron imza sertifikatlarının çipə daxil edilməsi prosesinin icra ssenarisi hazırlanmasını, istifadə ediləcək şifrləmə alqoritmlərinin dəqiqləşdirilməsini və Milli Sertifikat Xidmətləri Mərkəzində sınaq mühitinin yaradılmasını qeyd etmək olar.

Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri tərəfindən Azərbaycan Respublikasında yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamın 7.1-ci bəndi ilə əlaqədar qanunvericilik aktrlarına dəyişikliklər edilməsi barədə təkliflər hazırlanmışdır. Nəhayət yeni nəsil şəxsiyyət vəsiqəsinə elektron imza sertifikatlarının daxil edilməsi  ilə əlaqədar keçiriləcək tender üçün texniki şərtlər sənədinin ilk versiyası hazırlanıb müzakirəyə çıxarılmışdır.

* Məlumat Hesablama Mərkəzi ölkəmizdə ilk dəfə İSO 27001 beynəlxalq standarta uyğun sertifikata layiq görülmüşdür. Bununla əlaqədar nə deyə bilərsiniz ? 

Keçən ilin ortalarında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzində İSO27001:2005 beynəlxalq standartının tələblərinə uyğun tətbiq edilmiş İnformasiya Təhlükəsizliyinin İdarəetmə Sistemi (İTİS) sertifikasiya auditindən müvəffəqiyyətlə keçmiş və Böyük Britaniyanın “UKAS” akkreditasiya mərkəzində akkreditə olunmuş İsveçrənin “SGS” (Societe Generale de Surveillance) şirkəti tərəfindən 20 Avgust 2014-cü il tarixində təsdiq edilmiş sertifikatı əldə etmişdir. Bu il isə Məlumat Hesablama Mərkəzinin İnformasiya Təhlükəsizliyinin İdarəetmə Sistemi  yeni  ISO 27001:2013 beynəlxalq standartı üzrə auditi müvəffəqiyyətlə keçərək sertifikata layiq görülmüşdür.

Burada qeyd etmək lazımdır ki, İSO27001 standartının tətbiqi kifayət qədər uzun prosedurdur və bu prosesin müddəti bir çox amillərdən asılıdır: təşkilatın informasiya təhlükəsizliyinin ilkin vəziyyətindən, rəhbərliyin və işçilərin hazırlığından, müəssisənin böyüklüyündən, başqa tətbiq edilmiş standartlardan (xüsusən əgər daha əvvəl İSO9001 standartı təşkilatda tətbiq olunubsa) və s.

İSO27001 standartı üzrə sertifikatlaşdırma müəssisənin informasiya təhlükəsizliyi ilə bağlı qaydaları müəyyənləşdirərək beynəlxalq təcrübələrin nəzərə alınmasını təklif edir. Bu təcrübələrin iş prosesində istifadəsi göstərir ki, müəssisə daxilində təhlükəsizlik hadisələrinin sayı kəskin azalır, məsuliyyət bölgüsü şəffaf müəyyən olunur və informasiya təhlükəsizliyinin davamlı yaxşılaşdırılması üçün motivasiya yaranır. Müəssisədə İnformasiya Təhlükəsizliyinin İdarəetmə Sistemi tətbiq edilmədikdə və şəxsi məlumatların qeyri-adekvat qorunması müəssisənin nüfuzuna xələl vura, hüquqi nəticələrə və ya maliyyə zərərlərinə gətirib çıxara bilər. Buna görə də İnformasiya Təhlükəsizliyin İdarəetmə Sisteminin tətbiqi və onun inkişafı müəssisə üçün olduqca önəmlidir. 

* Artıq hər kəsə bəllidir  ki, MHM bu il Azərbaycanda dünyanın nəhəng proqram təminatçısı olan Microsoft şirkətinin Gümüş tərəfdaşları sıralarına daxil olan ilk dövlət müəssəsi oldu. Bu sertifikatı əldə etmək istəyən qurumun hansı özəlliyi olmalıdır?

Microsoft Gümüş tərəfdaşlığını qazanmaq üçün müəssisədə xüsusi ixtisas üzrə Microsoft tərəfindən sertifikatlaşdırılmış peşəkar mütəxəssislərin,  satış və marketinq üzrə mütəxəssislərin eləcə də, Microsoftun qiymətləndirməsindən keçmiş bir neçə texniki dəstək üzrə mütəxəssisin olması tələb olunur. Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri proqram təminatının inteqrasiyası üzrə sertifikatlaşdırılmışdır, lakin başqa texnoloji ixtisaslar üzrə də Microsoftun Gümüş tərədaşlığını əldə etmək olar. 

Bəs Microsoft şirkətinin Gümüş tərəfdaşı kimi MHM-ə hansı üstünlüklər veriləcək?

Gümüş tərəfdaşa tədris mərkəzi tərəfindən lokal onlayn kurslar, virtual labaratoriyalar və müstəqil təhsil resurslarından faydalanmaq imkanı verilir. Bu isə öz növbəsində işin səmərəliliyinin artmasına, texniki və marketinq bacarıqlarının yüksəlməsinə xidmət edən amillərdəndir. Gümüş tərəfdaş olmasının digər faydası ondan ibarətdir ki, müəssisə tərəfindən "Microsoft Certified Partner" loqosunu istifadə etmək imkanı yaranır. Qeyd edilən loqo şirkət tərəfindən təmin edilən xidmətlərin, proqram təminatlarının və texniki dəstəyin ən yüksək səviyyədə olduğunun göstəricisidir. Microsoft Gümüş tərəfdaşı olan şirkət loqosunu öz veb saytında da istifadə edə bilər. Microsoft şirkəti müəssisənin mütəxəssislərini müxtəlif beynəlxalq təlimlərdə iştirak etmək üçün hərtərəfli dəstəkləyir. Microsoftun Biznes İnvestisiya Fondu tərəfdaş şirkətlərə yaxından kömək etmək, satış və marketinq işlərini sürətləndirmək məqsədi ilə maliyyə dəstəyi ilə təmin edir. 

Microsoft şirkəti tərəfindən təşkil edilən tədbir 

AzTU və RYTN MHM tərəfindən yaradılan e-imza laboratoriyası artıq fəaliyyətə başlamışdır. Düşünürük ki, təcrübə mübadiləsinin böyük əhəmiyyət kəsb etdiyi innovativ elmi inkişaf dövründə təşkil olunan bu birlik ali təhsilin yüksək texnologiyalar bazasında inkişafını təmin edəcək və elmi tədqiqatların aparılmasında əlverişli şəraitin formalaşdırılmasına əlavə vəsilə olacaqdır.

Bununla yanaşı AzTU və RYTN MHM tərəfindən yaradılan elm-təhsil və texnologiyalar birliyinin fəaliyyət istiqamətləri üzrə digər işlər də görülməkdədir. Belə ki, birliyin tədris-metodiki fəaliyyəti Elektron İdarəçilik, İKT biliklərinin, bacarıqlarının və hazırlığının yüksəldilməsi, təhsil üzrə elektron resursların inkişaf etdirilməsi, ali təhsilin tədris planlarının, mütəxəssis hazırlığı proqramlarının mütəmadi olaraq aktuallaşdırılması, ali təhsilin İKT sahəsinin tələblərinə uyğunlaşdırılması, fasiləsiz professional hazırlıq sisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsi, İKT-nin tətbiqi ilə yeni təhsil modellərinin, o cümlədən distant təhsilin həyata keçirilməsi, İKT üzrə təhsil və təlim almaq imkanı yaratmaqla, informasiya və İKT-dən təhlükəsiz istifadə mədəniyyətinin yüksəldilməsi və sair məsələlər çərçivəsində planlaşdırılan işlər görülməkdədir.

Hesab edirik ki, AzTU və RYTN-nin MHM ilə  yeni yaradılan bu tərəfdaşlığın səmərəli və keyfiyyətli fəaliyyəti nəticəsində ölkəmizdə texnolji yeniliklərin, eləcə də  innovativ tətbiqlərin sayı artacaq. İnanırıq ki, Elm-təhsil və texnologiyalar birliyi elm və texnologiya üzrə ən son tədqiqat işləri, elmi mövzulara dair araşdırmaların aparılması, peşəkar kadrların hazırlığı və  müvəffəqiyyətli praktiki göstəriciləri ilə seçilən birliklər sırasında olacaqdır. 

* Azərbaycanda digər ölkələr tərəfindən verilmiş elektron imza sertifikatlarının tanınması və bu istiqamətdə tərəfdaşlıq planlaşdırılırmı?

Xarici ölkələrdə verilmiş sertifikatların tanınması “Elektron imza və elektron sənəd haqqında”  Azərbaycan Respublikasının 9 mart 2004-cü il tarixli Qanununun  16-cı maddəsi ilə tənzimlənir. Hal-hazırda xarici ölkələrin sertifikatları mərkəzimiz tərəfindən tanınmır, lakin gələcəkdə elektron imza sertifikatlarının istifadə sahəsinin daha da genişlənməsindən sonra bu məsələyə yenidən baxmaq olar.   

Arif müəllim, müsahibəyə görə çox sağ olun. Qarşınızda duran işlərin reallaşmasında müvəffəqiyyətlər arzulayırıq.

Minnətdaram. Mən də sizə fəaliyyətinizdə uğurlar arzulayıram.

 

 

  • 457

    Təsdiq olunmuş xidmətlərin sayı

  • 333

    Bunlardan portala inteqrasiya olunmuşlar

  • 497

    Dövlət saytlarında olan xidmətlər

  • 431

    Portalda olan xidmətlərin sayı

Onlayn konsultasiya
Onlayn konsultasiya