Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

“Vizaların verilməsi tam elektronlaşmalıdır”

2967
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Prezident  İlham Əliyev  Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları ilə bağlı keçirilən iclasda daha böyük sayda turistin ölkəmizə səfərini təmin etmək üçün elektron viza məslələrinə də toxunub. Xeberler.az məlumat vermişdi ki, bu sahədə ciddi problemlərin olduğunu qeyd edən prezident İlham Əliyev aidiyyatı dövlət qurumlarına bununla bağlı tapşırıqlar verib.

Dövlət başçısı qeyd edib ki, son dövrlərdə  viza məsələsi, xüsusilə də elektron viza ilə bağlı ölkə qanunvericiliyində bir sıra yeniliklər qəbul edilib.

Qanunvericilikdə elektron formada viza əldə edilməsi də öz əksini tapıb.

Elektron vizanın verilməsi ilə bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında”  20 noyabr 2012-ci il tarixdə  və "Vizaların verilməsi işinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında 20 noyabr 2014-cü il tarixdə sərəncamlar imzalayıb.

Bununla belə bu sahədə işlərin daha operativ görülməsi, elektron formada viza alınması prorseslərinin sürətləndirilməsi üçün müəyyən addımların atılmasına ehtiyac vardır.

Xeberler.az  Prezidentin çıxışından sonra  e-viza ilə bağlı proseslərin sürətləndirilməsi, bu sahənin daha çevik və effektiv qurulması ilə bağlı Elektron Hökumət portalının operatoru  - Məlumat Hesablama Mərkəzi ilə əlaqə saxlayıb.

Elektron hökumət portalının operatoru məsələ ilə Xeberler.az -ın suallarına münasibət bildirib:

-Elektron viza xidmətinin əsasları necə formalaşır? E-viza  üçün müraciət qaydaları, zəruri proseduralar necə müəyyən olunub?

-Dünya təcrübələrində  miqrasiya prosesinin sadələşdirilməsi məqsədilə aidiyyatı saytlarda viza üçün sorğu anketi  təqdim edilir.  E-viza sorğu anketində immiqrantın fərdi məlumatları ilə yanaşı, səfərin məqsədi və müddəti qeyd edilir, xarici pasportun surəti yüklənilir, vizanın növü, turistik, işgüzar (biznes), rəsmi səfər, təhsil, müalicə, şəxsi (qohum və ya dostların ziyarəti), tranzit, idman yarışlarında iştirakı  qeyd edilir. Həmçinin viza üçün tələb olunan dövlət  rüsumu sayt üzərindən plastik kartlar  vasitəsilə elektron şəkildə ödənilir. Müəyyən edilmiş zaman ərzində (3-5 iş günü , Avropa ölkələrində 14 gün)  anketdə göstərilmiş elektron ünvana verilmiş vizanın təsdiqi barədə bildiriş göndərilir. Bəzi ölkələrdə eyni informasiya link şəklində mobil telefona göndərilir.

Böyük Britaniya kimi bir çox inkişaf etmiş ölkələr elektron vizaların qeydiyyatı “bir pəncərə” prinsipi əsasında vahid elekton mühitdən, Elektron Hökumət portalı üzərindən həyata keçirilir.

-Azərbaycanda  da  bu kimi fəaliyyət nəzərdə tutulurmu?

-Hazırda vətəndaşlara 421 növdə e-xidmət göstərən Elektron Hökumət  portalı tərkibində immiqrantlar üçün yeni bölmə yaratmaq olar. Gələcəkdə bu bölmənin funksiyalarını genişləndirərək Azərbaycana ziyarət edən əcnəbilər üçün zəruri elektron xidmətlər hətta ünsiyyət platforması da təqdim etmək olar.

-Ölkəmizdə e-viza məsələsinin həllində ən effektiv üsul kimi nəyi təklif edirsiniz?

- Bu məsələnin tənzimlənməsində dövlət-mülki tərəfdaşlığı,  dövlət və özəl strukturun öhdəlikləri var. Belə ki, dövlət sektoru elektron vizanın verilməsi üçün tələb olunan bir sıra sənədlərin siyahısını və növlərini hazırlayır, e-viza üçün dövlət rüsumu və İnternet üzərindən onlayn qaydada ödəmə üsullarını müəyyənləşdirir, sənədlərin qeydiyyatı və viza verilməsi prosesinin müşayəti əsasında fəaliyyət növünün həyata keçirilməsinə icazə verir və layihənin realizasiyası zamanı mövcud qanunvericiliyə əməl olunmasına nəzarət edir.

Özəl tərəfdaşlar isə elektron viza sisteminin real vaxt rejimində sabit işini təmin edir (saytın dəstəyi, məlumatların ötürülməsi, zəng mərkəzinin fəaliyyəti və istifadəçi dəstəyi), e-viza dövlət rüsumları üzrə əldə olunan vəsaitlərin toplanılmasını  həyata keçirir, e-viza dövlət rüsumları üzrə əldə olunan vəsaitlərdən dövlət tərəfindən müəyyənləşdirilmiş məbləği büdcəyə köçürür. Məsələn, qonşu Türkiyədə  elektron viza sistemi tam formalaşıb.

- Türkiyə təcrübəsinin üzərində bir qədər dayanmaq istərdik.  Onlarda bu fəaliyyət necə həyata keçirilir?

-Türkiyədə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 10 gün ərzində akkreditasiyadan keçmiş, fəaliyyəti 1 ildən az olmayan lisenziyalı turizm şirkətlərinə e-viza verməyə icazə verilir. Türkiyədə e-viza saytı isə  Xarici İşlər Nazirliyinə aiddir. Sayt türk dili də daxil olmaqla 9 dildə fəaliyyət göstərir ( ərəb, alman, ingilis, ispan, fransız, holland, polyak, çinli). Sayta daxil olduqda açılan pəncərədə istifadəçiyə  üç xidmət təklif olunur.

Vizanın müddəti 180 gündür. Viza almış şəxs 90 gündən artıq Türkiyədə qala  bilməz. Müəyyən olunmuş müddətdən artıq qalmaq üçün rayon Polis İdarəsinin xaricilər şöbəsinə müraciət etməlidir.

Növbəti mərhələdə isitifadəçinin məlumatları təsdiq  edilir. Məlumatlar təsdiq edildikdən sonra bu barədə bildiriş immiqrantın elektron poçt ünvanına göndərilir. İstifadəçi 1 saat müdətində göndərilmiş  bildirişin doğruluğunu təsdiq etməlidir, əks təqdirdə müraciət ləğv olunur.

-Bununla bağlı ödəniş necə həyata keçirilir?

-Ödəniş mərhələsində istifadəçi bildiriş və xarici pasportun nömrəsi, elektron poçt ünvanı bərədə məlumat verməklə ödəniş etməlidir.

E-vizanı yüklə bölməsində istifadəçi bildirişin və xarici pasportun nömrəsi, elektron poçt ünvanı bərədə məlumat verməklə e-vizanı yükləyə bilər.

E-viza üzərindəki  QR kod viza sahibinin məlumatları üzrə Türkiyə Cümhuriyyətinin Xarici İşlər Nazirliyi tərəfindən müəyyən edilən formada kodlaşdırılır və imzalanılır. QR – kodun tərkibində olan məlumatlara daxil olmaq səlahiyyəti yalnız Xairici İşlər Nazirliyi tərəfindən səlahiyyətləndirilən qurumlara verilib.

-Bizdə e-viza üçün anketi haradan əldə etmək olar?

-Hazırda ölkəmizdə e-viza almaq üçün Xarici İşlər Nazirliyinin rəsmi saytında http://www.mfa.gov.az/anket təqdim edilir. E-viza anketini 2 dildə,  ingilis və Azərbaycan dilində tamamlamaq mümkündür. E-Viza 3 həftə dəyərləndirildikdən sonra immiqrantın anketdə göstərdiyi elektron poçt ünvanına PDF formatında göndərilir, bundan sonra isə immiqrant  əldə etdiyi vizaya möhür vurdurmaq üçün aidiyyatı quruma yaxınlaşmalıdır.

-E-vizanın alınması üçün qaydalarda hansısa yeniliklər gözlənilirmi?

- Prosesin tam elektronlaşmasına ehtiyac var. Bu isə  immiqrantların işini asanlaşdırmaqla yanaşı ölkəmizə səyahət etmək istəyən xarici immiqrantlarda motivasiya yaradacaq. Bununla bağlı olaraq, prezident İlham Əliyevin tapşırığına əsasən, tezliklə ölkəmizdə tam elektronlaşmış e-viza sistemi tətbiq ediləcək. Bu təşəbbüs, heç şübhəsiz, ölkəmizin dünya ölkələri ilə bütün sahələrdə qarşılıqlı əməkdaşlığını, o cümlədən, ölkəmizə turist axınını təmin edəcək.