Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

27.02.2015

Cari ilin fevral ayının 27-də  "Elektron hökumət" portalının operatoru Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetinin "Heydər Əliyev” Mərkəzində tələbələr üçün "Elektron hökumət" mövzusunda seminar təşkil olundu. Seminarda MHM-nin rəsmiləri, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz mühazirəçi qismində çıxış etdilər. Seminar MHM-in şöbə müdiri İlqar Abdullayevin çıxışı ilə açıq elan edildi. O, Elektron hökumətin infrastrukturu, əsas komponentləri, e-xidmətlər, dövlət reyestrləri və açıq hökumət məlumatları haqda prezentasiya üzrə geniş məlumat verdi. Şöbə müdiri "Elektron hökumət"in yaradılmasını zəruri edən amillərdən, onun hüquqi əsasından bəhs etdi, "Elektron hökumət"in infrastrukturu, "Elektron hökumət” portalı üzərindən təqdim olunan e-xidmətlər barədə ətraflı məlumat verdi. O, "Elektron hökumət" quruculuğunun ictimai mahiyyətini və üstünlüklərini açıqladı. Məruzəçi qeyd etdi ki, portal üzərindən təqdim olunan bir çox elektron xidmətlər məhz gənclər üçün nəzərdə tutulmuşdur. Vurğulandı ki,Azərbaycan gəncliyi gələcəyimizin təminatçılarıdır, biz onlara inanırıq və həyatlarının hər bir pilləsində onlara mümkün qədər dəstək olmağa çalışırıq.

Sonra, MHM-nin baş mütəxəssisi Nadir Rəsulov öz çıxışında e-imzanın mahiyyəti və əhəmiyyəti, e-imza sertifikatlarının e-sənəd mübadiləsində rolundan bəhs etdi. O, MHM-nin Milli Sertifikat Xidməti Mərkəzi tərəfindən verilən e-imza sertifikatlarının iqtisadiyyatda tətbiq olunduğu sahələr və cari istifadə statistikası haqqında danışdı. Məruzəçi yeni nəsil şəxsiyyət vəsiqələrinin mahiyyəti və əhəmiyyəti, eləcə də e-xidmətlərin və e-imzanın kütləviləşməsində yeni nəsil şəxsiyyət vəsiqələrinin mühüm rol oynayacağını xüsusilə vurğuladı.

Azərbaycan internet forumunun rəhbəri Osman Gündüz "Elektron hökumət"in əhəmiyyəti, gənclərin həyatında rolu, Açıq Hökumət Məlumatları, ölkədə son zaman aktual olan startup layihələrdən söz açdı. O, MHM tərəfindən "Startup Azərbaycan 2015” layihəsi çərçivəsində elan olunmuş data.gov.az portalının Açıq Məlumatlarından istifadə etməklə "Bax, istifadə et və yarat" adlı mobil əlavələrin hazırlanması müsabiqəsi barədə seminar iştirakçılarını məlumatlandırdı.

Seminar tələbələrlə sual-cavab və müzakirələrlə davam etdi. Seminarda aktiv iştirak edən tələbələrə pul mükafatları, e-imza sertifikatları və digər hədiyyələr təqdim olundu. Həmçinin, seminar iştirakçılarına portaldan istifadə üçün kod/parollar verildi.

Qeyd edək ki, belə seminarların keçirilməsində məqsəd gənclərə "Elektron Hökumət", elektron xidmətlər, elektron imza, e-sənəd və sair barədə ətraflı informasiya vermək və onlarda praktiki biliklərin aşılanmasıdır.