Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Elektron hökumət xidmətlərinin qısa təhlili

Elektron hökumət portalında yerlәşdirilmiş xidmәtlәrin qısa tәhlili.

Portalda 38 dövlət qurumu tərəfindən 272 elektron xidmət istifadəçilərə təqdim edilmişdir. Hər bir dövlət qurumu elektron xidmətlərini “bir pəncərə” prinsipi əsasında istifadəçilərə Portal vasitəsilə təqdim edir, məlumatların keyfiyyətinə, tamlığına və düzgünlüyünə qurumlar cavabdehdirlər.

Qeyd etmək lazımdır ki, vətəndaşlara bu cür xidmətlərin göstərilməsi dünya təcrübəsində dövlət idarəçiliyində bir innovasiya kimi qəbul edilir. Vətəndaş istənilən dövlət qurumuna müraciət edib, ona aid olan lazımi məlumatı qanun çərçivəsində əldə edə bilər.

Portal vasitəsilə dövlət idarəçiliyində keyfiyyətli elektron xidmətlərin göstərilməsi vətəndaşların həmin xidmətlərdən aktiv istifadəsinə imkan yaradır. Bunun üçün təqdim olunan e-xidmətlərin interaktiv olması vacibdir. Məsələn, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təqdim olunan bütün e-xidmətlər interaktivdir və istifadəçi tərəfindən çox rahat qəbul edilir. Vətəndaşlar bu qurum tərəfindən təqdim olunan istənilən e-xidmətə daxil olub lazım olan məlumatları əldə edə bilirlər. Xidmətlər elə təqdim edilir ki, istifadəçi ilə sistem arasında dialoq yaranır. Vətəndaş tərəfindən səhv məlumat daxil edildikdə belə, e-xidmət istifadəçi üçün səhv sorğu şərtlərini düzəltmək imkanını yaradır. Alınan nəticəni isə vətəndaş öz kompüterində yadda saxlaya və istənilən vaxt həmin məlumatı çap edə bilər.

Digər dövlət qurumları: Vergilər Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Daxili İşlər Nazirliyi, “AzərEnerji" ASC” və s. tərəfindən istifadəçilərə təqdim olunan e-xidmətlər interaktiv rejimdə işləyirlər. Lakin, bir sıra qurumlar tərəfindən təqdim olunan bəzi e-xidmətlərin interaktiv rejimdə təşkil edilməsinə baxmayaraq, xidmətlər üzrə son nəticəni əldə etmək mümkün olmur.

Hal-hazırda dövlət qurumları tərəfindən təqdim olunan e-xidmətlərin Nazirlər Kabinetinin 191 Nli Qərarı ilə təsdiq edilmiş siyahıya uyğun təşkili davam edir.

“Elektron hökumət” Portalı bizim cəmiyyətdə yenilikdir və bir çox dövlət qurumları tərəfindən təqdim olunan e-xidmətlər ilkin tətbiq mərhələsindədirlər. Hər bir dövlət qurumunda onların tam tətbiq edilməsi, daha cəlbedici formada yaradılması istiqamətində işlər aparılır. Yeni e-xidmətlərin həyata keçirilməsi və vətəndaşlara təqdim edilməsi əhali arasında (cəmiyətdə) dövlət qurumunun nüfuzunu artıran amillərdəndir.

Dövlət qurumları və yerli icra hakimiyyət orqanları tərəfindən idarəetmə üsullarının keyfiyyətinin artırılması, dövlət sektoru tərəfindən yeni informasiya və komunikasiya texnologiyalarının tədbiq edilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir.