Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

15.12.2015

Dekabrın 15-də "Elektron Hökumət” portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tələbələri üçün   “Elektron Hökumət və gənclər” mövzusunda seminar təşkil olundu. Tədbirin  məqsədi gənclərə "Elektron Hökumət", elektron xidmətlər, elektron imza, e-sənəd və sair barədə ətraflı informasiya vermək və tələbələrdə “Elektron Hökumətlə” bağlı praktiki biliklər formalaşdırmaqdır.

Məruzəçilər tələbələrin "Elektron Hökumət”lə bağlı anlayışlarını kiçik sorğu ilə müəyyənləşdirdikdən sonra əvvəlcədən hazırlanmış prezentasiya üzrə “Elektron Hökumət” sistemi, “Elektron Hökumət”in infrastrukturu, autentifikasiya vasitələri, elektron imza,  elektron xidmətlər və açıq hökumət məlumatları barədə məlumat verdilər. “Elektron Hökumət” portalının bu yaxınlarda istifadəyə verilmiş yeni versiyasının üstünlüklərindən, daha sadə və daha istifadəçiyönümlü olmasından bəhs edildi.

Sonra məruzəçilər vətəndaşların daha çox istifadə etdikləri “Elektron arayışlar” barədə tədbir iştirakçılarına məlumat verdilər. Qeyd edildi ki, elektron arayışlar daha çox sosial tələbat olan xidmətlərdəndir və hazırda “Elektron Hökumət” portalı vasitəsilə vətəndaşlara 11 növdə e-arayışlar təqdim edilir.

Seminarda aktiv iştirak edən tələbələrə e-imza sertifikatları, kart oxuyucular, portalda qeydiyyatdan keçmək üçün kod/parollar və  digər hədiyyələr təqdim olundu.