Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

09.10.2015

9 oktyabr  tarixində "Elektron Hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən "Elektron Hökumət" bülleteninin oktyabr sayının təqdimatı üzrə brifinq keçirildi. Tədbirdə media nümayəndələri, Mərkəzi Seçki Komisiyasının İnformasiya Texnologiyaları şöbəsinin müdiri Rüfət Gülməmmədov, Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli, Mədəniyyət və Turizm Nazirliyinin "Texniki təchizat və proqram təminatı" şöbəsinin müdiri Qabil Abbasov iştirak etdi.

 Tədbiri MHM-nin direktoru Nail Mərdanov açıq elan etdi. O, "Elektron Hökumət" quruculuğu sahəsində son yeniliklər və statistik rəqəmlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi. Nail müəllim bildirdi ki, portal üzərindən təqdim olan e-xidmətlərin sayı və e-xidmətlərdən istifadədə dinamik artım var. Belə ki, "Elektron Hökumət" portalına daxil olanların sayı 2,5 milyonu, elektron xidmətlərdən istifadə sayı isə 16,1 milyonu keçmişdir. Portal üzərindən təqdim olunan e-xidmətlərin sayı artıq 422-yə çatmışdır. Statistik göstəricilərə görə sentyabr ayı ərzində  portala müraciət edənlərin 27,3%-ni yeni istifadəçilər, 72,7%-ni təkrar müraciət edənlər təşkil edib. 

 Mərkəzi Seçki Komisiyasının İnformasiya Mərkəzinin müdiri R.Gülməmədov çıxış edərək qeyd etdi ki, hazırda Mərkəzi Seçki Komisiyası tərəfindən “Elektron Hökumət” portalı vasitəsilə vətəndaşlara 6 növ  elektron xidmətlər təqdim olunur və  vətəndaşlarımız  portal üzərindən istənilən vaxt autentifikasiyadan keçmədən qeyd olunan xidmətlərdən istifadə etməklə faydalı məlumatları asanlıqla əldə edə və müraciətlər göndərə bilirlər.

 Q.Abbasov çıxışında  vurğuladı ki,  Mədəniyyət və Turizm Nazirliyi e-xidmətlər portalında 2011-2012-ci ildən başlayaraq 6 elektron xidməti əhalinin istifadəsinə vermişdir. Onlardan 3-ü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24  noyabr 2011-ci il tarixli, 191 nömrəli qərarı ilə təsdiq edilmişdir. 2015-ci ildə Nazirlik daha 3 yeni xidməti öz resurslarında yerləşdirmişdir. Bu xidmətlərdən 2-si Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuşdur. Hazırda Nazirlik 9 elektron xidmət təqdim edir. 2015-ci ilin sentyabr ayında bu xidmətlərin hamısı “Elektron Hökumət” portalına inteqrasiya edilmişdir. Bununla yanaşı “Açıq Hökumət” məlumat portalına Nazirlik tərəfindən 8 servis əlavə olunmuşdur. Həmçinin Nazirlik “Elektron Hökumət” portalı vasitəsilə turizm fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin lisenziyaları haqqında arayışların verilməsini də təmin etmişdir.

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz öz çıxışında mətbuat nümayəndələrini ölkədə baş verən elektronlaşma prosesi ilə daha yaxından maraqlanmağa, nöqsanlar və çatışmazlıqlar üzrə araşdırmalar apararaq daha tələbkar olmağa səslədi.

Tədbir mətbuat nümayəndələrinin sualları üzrə müzakirələrlə yekunlaşdı.