You can return to the old version of the website

Open old version

18.03.2015

"Elektron hökumət" portalının operatoru Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən jurnalistlər və İKT ilə maraqlanan tələbələr üçün təşkil olunmuş 2 günlük kurslar başa çatdı.

17-18 mart tarixlərində keçirilən kursların ilk günü MHM-in direktoru  Nail Mərdanov "Elektron hökumət" quruculuğu, "Elektron hökumət"in formalaşdırılması və inkişaf mərhələləri, eləcə də, gələcək perspektivləri barədə ətraflı informasiya verdi. N.Mərdanov gəncləri elektron xidmətlərdən istifadədə aktiv olmağa, xüsusən də jurnalistlərin bu sahəyə diqqət göstərmələri və təbliğat-təşviqat kompaniyalarının fəal üzvləri olmağa dəvət etdi.

Məlumat Hesablama Mərkəzinin şöbə müdiri İlqar Abdullayev elektron hökumətin infrastrukturu, elektron xidmətlər, Dövlət Reyestrlərinin yaradılmasının məqsədi və açıq hökumət məlumatları üzrə prezentasiya əsasında məlumat verdi. O elektronlaşmanın ictimai mahiyyətindən bəhs edərək bu prosesdə jurnalistlərin rolunu xüsusi vurğuladı.

MHM-in baş mütəxəssisi Nadir Rəsulov elektron imza, yeni nəsil şəxsiyyət vəsiqələrinin mahiyyəti və əhəmiyyəti, e-xidmətlərin və e-imzanın kütləviləşməsində yeni nəsil şəxsiyyət vəsiqələrinin rolundan bəhs etdi. O, e-sənəd mübadiləsinin üstünlükləri barədə kurs iştirakçılarına məlumat verdi.

Kursların növbəti günlərində Elektron hökumətin informasiya və şəbəkə təhlükəsizliyi, fərdi məlumatların mühafizəsi, kiber-cinayətkarlığa qarşı mübarizə və sair mövzular üzrə iştirakçılara geniş informasiya verildi. Daha çox popular olan 30-a yaxın elektron xidmət test olundu və istifadə qaydaları izah edildi.

Sonda Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz çıxış edərək elektron hökumətin və elektronlaşma prosesinin inkişafında jurnalistlərin rolu barədə ətraflı məlumat verdi. O jurnalistləri Elektron hökumət, e-xidmətlər üzrə araşdırmalar etməyə, müxtəlif məsələləri işıqlandıraraq rəy bildirməyə, onları bu sahədə daha akitiv olmağa  səslədi.

Kursların keçirildiyi müddətdə iştirakçılar aktiv müzakirələrə qoşulur, məruzəçilərə çox saylı suallar ünvanlayırdılar və hesab edirik ki, kurslar olduqca səmərəli keçdi.

Kurslar yekunlaşdıqdan sonra iştirakçılara elektron-imza kartları və xüsusi  sertifikatlar təqdim edildi.