You can return to the old version of the website

Open old version

11.03.2015

"Elektron Hökumət" portalının operatoru Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən "Elektron Hökumət" bülleteninin mart sayının təqdimatı üzrə brifinq keçirildi. Tədbirdə media nümayəndələri və portalda aktiv fəaliyyətləri ilə seçilən bəzi dövlət qurumlarının  nümayəndələri iştirak etdilər. Brifinqin keçirilməsində məqsəd təqdim olunan yeniliklər barədə informasiyanın kütləviləşməsi, həmçinin, görülən işlərin mətbuata birbaşa elan olunmasından ibarətdir.

Tədbiri MHM-nin direktoru Nail Mərdanov açıq elan etdi. O "Elektron Hökumət" quruculuğu sahəsində son yeniliklər və statistik rəqəmlər barədə tədbir iştirakçılarına məlumat verdi və sözü Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin (ƏMDK) şöbə müdiri Yaşar Niftiyevə verdi.

ƏMDK-nın şöbə müdiri qurumun portal üzərindən vətəndaşlara təqdim etdiyi e-xidmətlər barədə məlumat verdi. Ünvan Reyestrinin hazırlanması istiqamətində görülmüş işlər, kadastr xəritələrinin hazırlanması  və qarşıda duran məsələlər barədə məlumat verildi. Qeyd edildi ki, başa çatmaqda olan Ünvan Reyestrinə əsasən köhnə ünvana əsasən yeni ünvanın tapılması, küçələrin kodlaşdırılması, ünvanların İD-lərə uyğun tapılması və digər məsələlər mümkün olacaq.

Sonra söz Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sektor müdiri Sahib Mərdanova verildi. S.Mərdanov “Tələbə-məzun”  informasiya sisteminin portala inteqrasiyası və bir sıra elektron arayışların hazırlanaraq portal vasitəsilə vətəndaşlara təqdim edilməsi istiqamətində son aylar ərzində MHM ilə aparılan birgə işlərdən bəhs etdi. Q qeyd etdi ki, texniki məsələlər tezliklə həll olunacaq və “Tələbə-məzun”  informasiya sisteminin portala inteqrasiyası, aidiyyatı qurumlara servislərin verilməsi və s. məsələlər  mart ayının sonunadək başa çatdırılacaq. Vətəndaşlara portal vasitəsilə təqdim ediləcək elektron arayışların məzmunu barədə tədbir iştirakçılarına məlumat verən məruzəçi gələcəkdə ictimai tələbə uyğun olaraq məzmunun dəyişilə biləcəyini də diqqətə çatdırdı.

Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Sabir Qocayev qurum tərəfindən təqdim olunmuş 12 e-xidmətin aktuallığını qeyd edərək istifadə sayına görə həmin xidmətlərin həmişə öndə olduğunu vurğuladı. O, məcburi dövlət sosial sığotasına cəlb olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatın əldə edilməsi e-xidməti üzrə məlumatların rüblük yenilənməsi istiqamətində gərgin işlərin aparıldığını tədbir iştirakçılarının nəzərinə çatdırdı.  Məruzəçi qeyd etdi ki, Nazırlər Kabineti tərəfindən təqsdiq edilmiş siyahıya uyğun olaraq digər xidmətlər də tezliklə elektronlaşdırılaraq portala inteqrasiya ediləcək.

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz öz çıxışında mətbuat nümayəndələrini ölkədə baş verən elektronlaşma prosesi ilə daha yaxından maraqlanmağa, nöqsanlar və çatışmazlıqlar üzrə araşdırmalar apararaq daha tələbkar olmağa səslədi.

Tədbir mətbuat nümayəndələrinin sualları üzrə müzakirələrlə yekunlaşdı.