Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

30.10.2015

"Elektron hökumət" (www.e-gov.az) portalının mobil versiyası 20 elektron xidmət ilə vətəndaşların istifadəsinə təqdim edildi. Mobil əlavəyə giriş e-imza kartı, istifadəçi adı/şifrə, mobil İD vasitəsilə mümkündür.

Mobil əlavəyə giriş etdikdə qurumlar üzrə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 7, Daxili İşlər Nazirliyinin 1, Ədliyyə Nazirliyinin 1, Səhiyyə Nazirliyinin 3elektron xidmətindən istifadə edə bilərlər. Həmçinin, 6 adda e-arayış(çıxarış) da mobil versiyaya əlavə edilmişdir.Vətəndaşlar bu çıxarışlar vasitəsilə artıq istədikləri yerdən  fərdi məlumatlarını tələb olunan quruma göndərə biləcəklər. Həmçinin, "Elektron Hökumət" portalının mobil əlavəsi vasitəsilə vətəndaşlar kommunal, ipoteka, dövlət yol polisi tərəfindən tətbiq olunan cərimələri barədə real vaxt rejimində xəbər tuta biləcəklər. Qeyd etmək lazımdır ki, bildirişlər hissəsində mövcud xidmətlər birbaşa “Elektron Hökumət” portalına bu yaxınlarda qoşulmuş “Hökumət Öödəniş Portalı”ndan inteqrasiya edilir. İstifadəçi sadəcə bildiriş almaq istədiyi xidmətin bildiriş funksiyasını aktivləşdirir. Mobil əlavədə istifadəçi məlumatları, favorit elektron xidmətlər və son yeniliklər barədə xəbərlər müvafiq bölmələrdə əks olunacaq.

Mobil əlavə üzərindən aidiyyatı suallarla bağlı 157 Zəng (Çağrı) Mərkəzinə müraciət etmək mümkündür.

Artıq bir çox xidmətlər "Elektron Hökumət" portalının mobil əlavəsi vasitəsilə vətəndaşlara daha rahat və yaxındır. Mobil əlavələrin yüklənməsi pulsuz həyata keçirilir və gələcəkdə daha çox istifadə olunan digər xidmətlərin də mobil versiyaya əlavə olunması planlaşdırılır.

Qeyd edək ki, "Elektron Hökumət" portalının mobil platformasının ilkin versiyasından hələlik İOS əməliyyat sisteminin idarəçiliyi altında işləyən mobil qurğu sahibləri faydalana biləcəklər.